Azeri version English version Russian version
1997 - ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alındı və dərhal ölkəmizdə keçid dövrünün yaratdığı ən ağır sosial problemlərdən birinin - küçə uşaqları probleminin həllində iştiraka başladı. Bu məqsədlə Azərbaycanda ilk Uşaq Sığınacağı yaratdı.

"Ümid Yeri" Cəmiyətinin üzvləri və könüllülər davamlı olaraq Bakı küçələrinə, vağzallara, dənizkənarı parka və digər yerlərə reydlərə çıxmağa və bu yerləri özlərinə yaşayış məkanı seçmiş uşaqları sığınacağa gətirməyə başladılar. Çox keçmədi ki, 50 nəfərlik tutum gücü olan ev balaca sakinlərini öz ağuşuna aldı.

Dünən küçələrdə avtomobil şüşəsi silən, xırda alver edən,çirkli əllərini açıb dilənən, yoluxucu xəstəliklərin mənbəyi olan ən ağılagəlməz daldalanacaqlarda gecələyən, qışın soyuğunda donan, yayın od - alovunda kömür kimi qaralan uşaqlar "Ümid Yeri"nin simasında özlərinə ev tapdılar. "Ümid Yeri" nə daxil olan hər bir uşağ çimizdirildi, həkim müayinəsindən keçirildi, sosial - psixoloji adaptasiyaya cəlb edildikdən sonra müxtəlif təhsil müəssisələrində yerləşdirildi. O, cümlədən musiqi, rəqs, ifa etmək qabiliyyəti aşkarlanmış uşaqların ixtisas məktəblərində təhsil almalarına kömək göstərildi. "Ümid Yeri" heç yerdə qeydiyyatı olmayan, yetkinlik yaşına çatmış onlarla oğlan uşağına vətənə xidmət etmək haqqı qazandırdı. Onları öz ünvanından hərbi xidmətə yola saldı. Bu minvalla 15 illik fəaliyyət müddətində 1500 azyaşlı uşaq Sığınacağa pənah gətirdi və öz sabahı üçün ümüdlü oldu.

Əziz Həmvətənlər!

Analar öz doğma balalarının qayğısını ürəkləri istəyən qədər çəkə bilmədiyi bir zamanda Allah-təala mənə mərhəmət göstərərək yüzlərlə köməksiz uşağın harayına yetmək qisməti verib.

15 ildir ki, "Ümid Yerində" bu mərhəmət ocağına sığınanların nigaran, qüssəli, ümidli gözlərinə baxıram. Bu uşaqlar doğma istilikdən, ata, ana sevgisindən məhrum olublar.

15 ildir ki, "Ümid Yeri" Cəmiyyəti olaraq küçələrdən uşaq yığırıq. Sayca çox deyilik. Yəqin elə buna görə də qəlbimizdəki ocağı iki qat gur yandırırıq ki, onun istisi kimsəsiz körpələrin hamısına yetsin. Amma bizim də qəlbimizin yanma gücü var, paylaşa bildiyimiz istiliyin qədəri var.

Gərək uşaqları dərdsiz, qəmsiz sağlam görmək istəyən ürəklər birləşə, gərək "söykək dura közümüzə közümüz".

15 ildə küçədən gətirilən 1500 - dək çox uşaq bizim "Ümid Yeri"də özünə gəlib, həyata qayıdıb. Halbuki hər il təkcə Bakı şəhərində 800 - 1000 uşağın amansız küçə həyatı ilə üzbəüz qaldığı bildirilir.

O uşaqların yanında olmalıyıq... O uşaqları yanımıza almalıyıq.
Bu bizim vətəndaşlıq borcumuzdur. Bu bizim insanlıq borcumuzdur.
Uşaqların yeri küçə deyil, böyüklərin qəlbidir.
Ürəyinizin qapılarını geniş açın, dostlar.

“Ümıd Yerı” cəmıyyətının sədrı
Nigar Mənsimli
 
AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 88
Telefonlar: (99412) 5561916,
(99455) 2220212, (99455) 2220203