Azeri version English version Russian version
Toksikomaniya.

Bu gün küçədə yaşayan və işləyən uşaqların bir qismi toksikomaniyaya düçar olmuşdur. Sərxoş olmaq üçün toksik maddələrdən istifadə etmək – Toksikomaniya adlanır. Toksikomaniya bir xəstəlikdir. Narkomanlardan fərqli olaraq toksikomanlar istifadə etdikləri maddələri asanlıqla istənilən sənaye mağazalarından ala bilirlər. Bu maddələr aşağıdakılardır:

Yapışqan, aseton, təmizləyici maddələr, laklar, boya həllediciləri və sairə sənayedə istifadə olunan bir çox digər maddələrdir.

Küçədə yaşayan eyni zamanda toksikomaniya ilə məşğul olan 10 nəfər yeniyetmə “Ümid yeri” Uşaq Sığınacağına gətirilərək Bakı şəhər Narkoloji dispanserinin köməyi ilə bu arzuolunmaz xəstəlikdən müalicə olunmuşlar. Daha sonra bu uşaqlar təhsilə, müxtəlif dərnəklərə və idman növlərinə cəlb edilmiş və bununla da toksikomaniyaya əlvida demişlər.

Təəssüf ki, belə uşaqların sayı azalmaq əvəzinə artır.

Manyak həbs edildi.

“Ümid yeri”nin fəalları tərəfindən küçədən bir uşaq gətirildi. Uşaqla söhbət zamanı məlum oldu ki, daha təqribən 10-11 nəfər uşaq Anar adlı bir şəxs tərəfindən istismar olunur. Faktı aydınlatmaq məqsədi ilə, sığınacağın əməkdaşı, Anar adlı bu şəxsi 11 nəfər uşaqla bir yerdə “Umid Yeri” sığınacağına gəlişini təşkil etdi. Çox keçmədən Anar və uşaqlar sığınacağa gəldilər. Sığınacağın rəhbəri və psixoloqu Anarla apardığı söhbətdən sonra, onun əqli cəhətdən tam sağlam olmadığı müəyyən etdilər. Haqqında söhbət gedən uşaqları məcburən diləndirmiş və onları cinsi istismara məruz qoyaraq yoluxucu xəstəliyə mübtəla etmiş Gəncə şəhərindən olan 22 yaşlı Anar adlı gənc barədə rəhbərlik tərəfindən polis bölməsinə operativ məlumat verildi. Çox keçmədən polis əməkdaşları sığınacağa gələrək Anarı polis bölməsinə apardılar. Onun cinayətkar əməlləri doğurdan da sübuta yetirildi, və o, 6 il həbs cəzasına məhkum edildi. “Umid Yeri”nin fəaliyyətində bu böyük bir hadisə kimi dəyərləndirilir. Tibbi müayinə zamanı gətirilən uşaqların 4 nəfərində sonradan qazanılan siflis xəstəliyi aşkarlandı. Həmin uşaqlar dərhal respublika dəri zöhrəvi xəstəxanasında müalicəyə cəlb olundular.

“Ümid yeri” xeyirxahlıq missiyasına sadiq olaraq zərərçəkmiş azyaşlı uşaqların müalicəsini başa çatdırdı və sonra onları sosial-psixoloji adaptasiyaya cəlb etdi.

İstedadlar aşkarlandı.

“Ümid yeri”, küçə uşaqları və baxımsız qalmış uşaqlar içərisində istedadları aşkarlamaqla bu uşaqlar haqqında yaranmış təsəvvürləri alt üst etdi.

Beləki, dünən küçədə yaşayan, dilənən, avtomobil yuyub para qazanan uşaq, bu gün “Ümid Yeri”nin sayəsində fitri qabilliyyət və bacarıqlarını ortaya qoydular. Mütəxəssislərin rəyi əsas tutularaq sığınacağda yaşayan uşaqlar içərisindən incəsənət və idman sahəsində xüsusi istedadı olanlar seçildi və təşkilatın dəstəyi ilə həmin uşaqlar məxsusi məktəblərə və litseylərə yerləşdirildilər.

“Ümid Yeri” Vətən üçün əsgər yetişdirdi!

“Ümid yeri”nin himayəsi altında böyümüş 8 nəfər heç bir yerdə qeydiyyatı olmayan oğlan uşaqları təşkilatımızın təşəbbüsü ilə yerləşdiyi ünvandan təntənəli şəkildə hərbi xidmətə yola salındı. Vətən borcunu layiqincə ödəmiş və geriyə dönmüş həmin gənclər tərəfimizdən işlə və yaşayış yeri ilə təmin olundular.

“Umid Yeri” sərhədləri aşdı!

“Umid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzi təkçə Azərbaycan vətəndaşı olan uşaqları deyil, müxtəlif səbəblər üzündən Azərbaycana gəlib çıxmış və küçə həyatına düşərək köməksiz qalmış xarici ölkələrdən olan azyaşlı və yeniyetmələri də dininə, dilinə, irqinə fərq qoymadan bağrına basmış talelərinə düşmüş aciları unutdurmaq üçün mümkün olanları etmişdir. Bunun sayəsində Ukrainadan olan iki uşaq, Rusiyadan olan bir nəfər, Liviyadan olan bir nəfər, Əfqanistandan bir nəfər və s. uşaq Sığınacağımızda normal şəraitdə yaşamış və təhsilə cəlb olunmuşdur. Bununla yanaşı həmin uşaqların pozulmuş hüquqlarının bərpası və onların geriyə - öz ölkələrinə qaytarılmaları ilə bağlı aidiyyatı səfirliklərə və təşkilatlara müraciətlər edilmişdir. Bu istiqamətdə ardıcıl aparılmış işlər öz müsbət nəticələrini vermiş, adı çəkilən uşaqlar doğmalarına qovuşmuşlar.

Müxtəlif səbəblər ucbatından xarici ölkələrdə atılıb qalmış valideyinsiz 5 azyaşlı uşağımız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin köməyi ilə və hüquqi əsaslarla ölkəmizə gətirildikdən sonra onlar “Ümid yeri” Uşaq Sığınacağında məskünlaşdırılmış və qayğı ilə əhatə olunmuşlar.

Tanya və Serqey – Ukrainaya öz ailələrinə qaytarıldılar.








Rəfail
- Moskvaya nənəsinin yanına qayıtdı









Lütfi
– Liviyaya atasının yanına qayıtdı









Monika
- Danimarkada öz yeni evini tapdı









52 ailə küçəyə düşmədi!


“Ümid yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzi uşaqlarla yanaşı körpə övladları ilə küçədə qalmış 52 nəfər anaya da sığınacaq verərək onların problemlərinin həllində yardımçı olmuşdur. Beləliklə, “Ümid Yeri” həm ananı həm də körpəni küçə həyatına düşmə təhlükəsindən xilas etdi.

Günərzi mərkəzi

“Ümid yeri” cəmiyyətinin xətti ilə Uşaq Sığınacağında natamam və yoxsul ailələrdən olan uşaqlar üçün günərzi xidməti də fəaliyyət göstərir. Gün ərzində burada olan uşaqlar normal qidalanır, geyimlə təmin olunur, dərslərini hazırlamaqda “Ümid yeri”də çalışan müəllimlərin köməyindən faydalanır, asudə vaxtlarını mənalı keçirirlər.

İş insanın cövhəridir.

“Umid Yeri” uşaq sığınacağında Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılmış “Xalçaçılıq dərnəyi” artıq neçə illərdir ki, burada yaşayan uşaqların sosial-psixoloji adaptasiyasında müsbət rol oynayır, onların peşə maraqlarını aşkarlayır. Qızlar və oğlanlar eyni maraqla boş vaxtlarında xalça dəzgahlarının arxasına keçir və həvəslə xalça toxuyurlar. Uşaqlarımızın əl işləri bir çox sərgilərdə “Ümid Yeri”ni təmsil etmişdir.

Yay tətilimiz.

Küçə həyatından uzaqlaşdırılaraq Sığınacaqda məskunlaşdırılmış uşaqların reabilitasiyasında səmərəli istirahətin vacibliyini nəzərə alaraq təşkilatımız artıq 5 ildir ki, “Azercell” şirkətinin maddi dəstəyi ilə Şamaxının səfalı Çuxuryurd kəndində uşaqlarımızın yay istirahətini təşkil edir.

İkinci həyat.

“Azercell” şirkətinin maddi dəstəyi ilə “Ümid yeri”nin himayəsində olan hər iki valideyinini itirmiş ağır ürək qüsuru xəstəliyindən əziyyət çəkən 11 yaşlı Hüseynov Zamiq üzərində cərrahiyyə əməliyyatı aparılmış və o yenidən həyata qaytarılmışdır.






Bizim mahnı və rəqs ansamblı.


2003-cü ildə Uşaq Sığınacağımızda “Ümid yeri” adlı rəqs ansambılımız yarandı. Müxtəlif tədbirlərdə öz məharətini göstərən rəqqas uşaqlarımızın uğurlu çıxışları qürur yerimizdir. “Ümid Yeri” ansamblımız dəfələrlə “Dan Ulduzu” uşaq festivalında sığınacağımızı təmsil edərək, müxtəlif qiymətli hədiyyələrə sahib çıxır.

2006-ci ilin aprel ayında “Ümid yeri” rəqs ansambılımız ilk dəfə xarici səfərə yola düşdü. “Ümid yeri”nin rəqqasları Qardaş Türkiyə Respublikasında keçirilən Beynəlxalq Uşaq Musiqi Festivalında iştirakdən xoşbəxt oldular. Bu xoşbəxtliyi uşaqlarımıza yenə də “Azercell” şirkəti yaşatdı.

Azərbayacab Dövlət rəqs ansamblının solisti Ceyhun və Röya rəhbərliyi altında “Ümid Yeri” ansamblı hazırda yeni rəqslər üzərində çalışır.



Bizim layihələr:

«Kimsəsiz Uşaqlar üçün Sığınacaq Evinin Yaradılması»
Donor «Azercell»Telekom BM
Müddət- 15 il
Büdcə-1 ay- 4080 AZN

«Kimsəsiz Uşaqların Ekoloji Maarifləndirilməsi»
Donor-«İSAR» Beynəlxalq Humanitar Təşkilatı
Müddət-2 ay
Büdcə-500 ABŞ $

«Ümid Yeri» Sığınacaq Evində xalça dərnəyinin yaradılması
Donor-Böyük Britaniyanın Azərbaycandakı səfirliyi
Müddət-4 ay
Büdcə-1550 ABŞ $

«Ümid yeri» Sığınacaq evinin avadanlıqla təchizatı
Donor- Yaponiyanın Azərbaycandakı Səfirliyi
Müddət-6 ay
Büdcə-13 550 ABŞ $

«Ümid yeri» uşaq sığınacaq evinin 2-ci mərtəbəsinin əsaslı təmiri
Donor- Yaponiyanın Azərbaycandakı Səfirliyi
Müddət-1 il
Büdcə-31 500 ABŞ $

Özünümaliyyələşdirmə Mənbəyinin Yaradılması
Donor-Böyük Britaniyanın Azərbaycandakı səfirliyi
Müddət-6 ay
Büdcə- 6445 ABŞ $

Qaçqın və Məcburi Köçkün qadınlara Kulinariya sənətinin öyrədilməsi
Donor- «Ümid yeri» cəmiyyəti
Müddət-6 ay
Büdcə-1500 ABŞ $

“Ümid yeri” Uşaq Sığınacağının yardımçı təsərrüfatının qurulması
Donor – Roma Katolik Kilsəsi
Müddət – 6 ay
Büdcə - 10 000 ABŞ $


Azərbaycanda yeganə olan Uşaq Sığınacağının xeyirxah fəaliyyəti davam edir, çoxlu sayda icrası vacib olan layihələrimiz donorlarını gözləyir.
 
AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 88
Telefonlar: (99412) 5561916,
(99455) 2220212, (99455) 2220203